Litva prezidenti Gitanas Nauseda Avropa Komissiyasının Ukrayna və Moldova ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq , eləcə də Gürcüstana təşkilata üzv olmaq üçün namizəd statusu vermək tövsiyəsini alqışlayıb . Onun sözlərinə görə, Avropa İttifaqının genişlənməsi qitəni birləşdirəcək və gücləndirəcək. Bu haqda Litva prezidentinin mətbuat xidməti xəbər verib.
“Aİ-nin genişlənmə prosesinin geosiyasi əhəmiyyətini nəzərə alaraq, biz əvvəlcə Aİ-nin genişlənməsi ilə bağlı qərarlar qəbul etməli və yalnız bundan sonra institusional islahatlardan danışmalıyıq”, - deyə Nauseda bildirib.
O vurğulayıb ki, “çətin geosiyasi vəziyyətdə Avropa İttifaqı beynəlxalq siyasətdə daha da güclü və nüfuzlu oyunçuya çevrilə bilər”. Onun fikrincə, siyasi birlik qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə etməlidir.
Profil.az xarici mətbuata istinadən xəbər verir ki, Litva lideri qeyd edib ki, Aİ möhkəmliyini, iqtisadi təhlükəsizliyini və rəqabət qabiliyyətini gücləndirməli, müdafiə və təhlükəsizliyin inkişafına daha sürətli sərmayə qoymalı, hərbi mobillik üçün zəruri olan texnologiyalar və infrastrukturu tətbiq etməlidir.
Bundan əvvəl Avropa Komissiyası Ukrayna və Moldova ilə onların Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağa çağırıb . Aİ-nin ali icra orqanı da Kiyev və Kişinyovun həyata keçirməsi üçün zəruri olan bir sıra şərtləri irəli sürüb . Beləliklə, onlar Ukraynadan korrupsiyaya qarşı mübarizəni davam etdirməyi və milli azlıqların hüquqlarının müdafiəsinə yönəlmiş islahatları, Moldovadan isə məhkəmə sistemində islahatları və “deoliqarxizasiyanı” davam etdirməyi tələb ediblər.
AK həmçinin şərtlərin yerinə yetirilməsi şərti ilə Gürcüstana Aİ-yə namizəd statusunun verilməsini tövsiyə edib . Avropa Komissiyasının qeyd etdiyi tələblər arasında “Gürcüstanın hərəkətlərinin Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunluğunun artırılması” şərti də var.
Murad Abdullayev
Profil.az